"Dünya iqtisadiyyatında baş verən prosesləri, neftin ucuzlaşmasını nəzərə alaraq təsdiq edilmiş dövlət büdcəsində bəzi ixtisarlar etməyə başlamışıq".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, ilk növbədə Neft Fondunun xarici valyuta ehtiyat Büdcə kəsiri 1.7 milyard manat əvəzində 630 milyon manata endirilib:
"2015-ci ilin yekunlarına görə bizim 1.4 milyard manat xəzinə qalığı olub. Bu xəzinə qalığının bu il istifadəsi nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlər üzrə 88 faiz, xərclər üzrə 83 faiz olub.
Gəlirlər və xərclər üzrə fərq 20 faiz olarsa, hökumət parlament qarşısında məsələ qaldırılmalı idi. Lakin belə olmadığı üçün parlamentə müraciət etmədik".
Nazir bu ilin büdcəsində neftin qiymətinin 25 dollardan götürüləcəyini qeyd edib:
"2016-cı ilin büdcəsi üzərində hökumət dürüstləşdirmə işləri aparır. Neftin qiymətinin 4 dəfə düşməsi ölkənin gəlirlərini əhəmiyyətli dərəcədə azalıb. Büdcə layihəsi hesabalanan zaman neftin 1 bareli 50 dollar götürülüb. 2015-ci il üçün bu düzgün proqnoz idi. Buna baxmayaraq neftin qiyməti sonra daha sürətlə enməyə başladı. 30 dollardan da aşağı düşdü. Bizim büdcəmizi yeni reallığa uyğunlaşdırmalıyıq. Bu ilin büdcəsində neftin qiyməti 25 dollardan götürüləcək. Bu mühafizəkar yanaşmadır. Güman ki, neft qiyməti bundan aşağı düşməyəcək".
Daha sonra Samir Şərifov manatın məzənnəsindən danışıb:
"Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin ucuzlaşması barədə dekabr ayındakı qərarı ilə üzən məzənnə siyasətinə keçilib. Biz büdcədə bunu da nəzərə almalıyıq. Xarici borca xidmət, beynəlxalq təşkilatlara üzvlük haqqı, iştirak haqqı, diplomatik nümayəndəliklərin saxlanması və digər xarici öhdəliklərimizə də yanaşmada bunu nəzərə almalıyıq.
Büdəcədə Neft Fondunun gəlirləri məntiqi olaraq azaldılıb. Neft Şirkətinin də xarici gəlirləri azalır, buna görə bu şirkətin ödəyəcəyi vergi də azalır. Biz bunları nəzərə almalıyıq. Qeyri-neft sektorundan vergi daxilolmaları azalıb. Gömrük daxilolmamarı manatla ifadəsində daha çox mədaxil gözləyirik. Bu ölkənin ticarət dövriyyəsindən asılı olacaq. Yenidən baxılan büdcə təsdiq olunmuş büdcədən 2 milyard manat çox olacaq. Təsdiq olunmuş büdcə 14.5 milyard manat nəzərdə tutulmuşdusa, yeni büdcə 16.5 milyard nəzərə tutulub.
Hazırda gəlirlər 16.6 milyar manat, xərclər 18.3 milyard manat nəzərdə tutulub. Alınan 1.7 milyard manat kəsiri isə ötən ildən qalan 1.4 milyard manatla örtüləcək. Eyni zamanda istiqrazların buraxılması, özəlləşdirmə və xarici qrantlar hesabına kəsirin qalanı örtüləcək".
Maliyyə naziri sosial yönümlü xərclərin artmasına görə 2 milyard manatdan artıq büdcədən pul ayrılacağını da qeyd edib:
"Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Asiya Inkişaf Bankının nümayəndələri ilə Bakıda görüş keçirilir. Amma hər hansı 4 milyard dollar kredit alınması yoxdur. Vəziyyət o qədər acınaqlı deyil ki, kimdənsə təcili borc alaq. Əksinə, biz başqa dövlətlərə borc veririk. Amma onu da qeyd edim ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarına elə belə üzv olmayıb. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda kvotası 2 dəfə artıb. Biz öz kvotamızdan istifadə edərək kredit götürə bilərik. Biz Bakıda olan beynəlxalq qurumlarla bank sektoru ilə bağlı məsələləri müzakirə edirik. Təcili şəkildə hər hansı kreditlərin alın alınmasından söhbət getmir".
***
Nazir bildirib ki, sosial məsələlərin heç birində qənaət etmək nəzərdə tutulmayıb:
"Bütün sosial layihələr həyata keçiriləcək. Hökumət sadəcə izafi xərclərdə, lazımsız xərclərə qənaət edəcək. Yeni iş yerlərinin açılmasına, xidmət sektorunun yaxşılaşdırılmasına xüsusi təkan veriləcək. Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq. Bunlar da biznesin genişləndirilməsi və yeni iş yerlərinin açılmasına səbəb olacaq".
Murad Əhməd