Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Azərbaycanın bir çox rayonunda olduğu kimi, Şəkidə də xeyli işlər görülüb. Görülən işlər Şəkinin kəndlərindən də yan keçməyib. Elə Kiçik Dəhnə kəndində də son bir ildə bir çox iş görülüb. Sovetlər birliyi dağıldıqdan sonra Şəkinin 10 min əhalisi olan Kiçik Dəhnə kəndinə mavi yanacağın verilişi dayandı. Sakinlərin bu problemi artıq həll olmaq üzrədir. Carı ilin aprel ayından başlayaraq kəndə qaz çəkilişinə başlanılıb. İşlər yekunlaşmaq üzrədir. Bundan başqa, bu il kənd daxilində 5 kilometrlik yol əsaslı təmir edilib. 30 ildən çoxdur ki, istifadədə olan elektrik dirəkləri də yeniləri ilə əvəz olunur. Hazırda kənddə kabelləşmə prosesi davam edir. Kiçik Dəhnə sakinlərinin ən böyük problemlərindən biri də həm içməli, həm də suvarma suyunun olmaması idi. Artıq bu məsələ də yoluna qoyulub. Görülən işlərdən sakinlər də razılıq edir. Bildirilir ki, son bir ildə kənddə aparılan abadlıq-quruculuq işləri onların da ürəyincədir. Kənd bələdiyyəsindən verilən məlumata görə, bütün bu quruculuq işləri 2016-ci ildə də davam edəcək.
Qaynaq